RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Prezident sarayında Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okinin etimadnaməsini qəbul etmişdir.
Masamitsu Oki Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə və diplomatik nümayəndəliyin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Yaponiyaya rəsmi səfərini və İmperator Akihito ilə görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlərin daha da genişlənməsi barədə səmərəli fikir mübadiləsinin aparıldığını vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu söylədi.
Səfir Masamitsu Oki Prezident İlham Əliyevin fəaliyyətini çox böyük maraqla izlədiyini və dövlətimizin başçısı ilə görüşməsindən məmnunluq hissi keçirdiyini dedi. O, səfir kimi fəaliyyəti müddətində ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.