AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Hörmətli xanımlar və cənablar!İlk növbədə, mən səmimi qonaqpərvərliyə görə dostumuz Prezident Kaçinskiyə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bizim çox dostluq mühitində keçən görüşümüz oldu. Bir neçə saat ərzində konstruktiv müzakirələr apardıq və bir çox məsələlərin nəzərdən keçirilməsinin və həyata keçirilməsi yollarının müəyyən edilməsinin vacibliyini vurğuladıq. Azərbaycanın bu zirvə görüşündə təmsil olunmuş hər bir ölkə ilə çox yaxşı ikitərəfli münasibətləri var.
Eyni zamanda, biz bu gün ilk dəfə olaraq, belə geniş formatda bir yerə toplaşmışıq. Bu, regional əməkdaşlığın artan əhəmiyyətinin aydın göstəricisidir. Hazırda Xəzər dənizi, Qafqaz, Qara dəniz və Baltik dənizi regionları birgə işləyir. Səmimi desəm, regionları bu qədər bir-birinə yaxın edən başqa təşəbbüs haqqında danışmaq belə mümkün deyildir.
Enerji və daşımalar Avropa və dünyanın siyasi gündəliyində duran əsas məsələlərdəndir. Hesab edirəm ki, əməkdaşlığımızın səmərəli və uğurlu olması regionlarımız arasında daha geniş əməkdaşlığın başlanğıc nöqtəsi olacaqdır. Azərbaycan böyük neft və qaz ehtiyatlarına malik olan ölkədir. Bizim ehtiyatlarımız gələn 100 il ərzində daxili tələbatımızın ödənilməsi üçün kifayətdir. Lakin biz bu gün regionun enerji təhlükəsizliyində daha vacib rol oynayırıq. Misal üçün, gələn il Azərbaycan gündə 1 milyon barrel neft hasil edəcəkdir. Biz böyük qaz yataqları aşkar etmişik və Azərbaycan qazı artıq qonşu ölkələrin bazarlarına ixrac olunur və oradan isə, Avropa bazarlarına nəql edilə bilər.
Müxtəlif neft və qaz boru kəmərlərinin çəkilməsinə milyardlarla dollar sərmayə qoyulubdur. Bu gün bizim neft və qazımızı Avropa və dünya bazarlarına çıxaran boru kəmərimiz var. Bu, təchizatın şaxələndirilməsi deməkdir. Eyni zamanda, biz istehlakçıları da başa düşürük, çünki onlar öz təchizat mənbələrini şaxələndirmək istəyirlər. Burada biz təchizatçı, tranzit və istehlakçı ölkələr arasında maraqların güclü şəkildə tarazlaşdırılmasına nail olduq.
Məqsədlərimizə nail olmaq üçün bütün tərəflər arasında yalnız müvəffəqiyyətli əməkdaşlıq və vahid komanda halında işləmək uğurlu enerji siyasətinin əsas elementləridir. Bu gün biz şaxələndirmənin səviyyəsini artırmaq üçün konkret layihələr üzərində işlədik və bu, yalnız başlanğıcdır. Birgə rəsmi məlumat planlarımızı, nailiyyətlərimizi və gündəliyimizi aydın şəkildə əks etdirir. Əminəm ki, birgə əməkdaşlıq sayəsində biz öz məqsədlərimizə nail olacağıq. Mümkün qədər tez müddətdə işçi qrup öz işinə başlayacaqdır. İnanıram ki, Vilnüsdə keçiriləcək növbəti zirvə görüşündə biz əsas addımların ilkin proqramını əldə edəcəyik.
Bir daha demək istəyirəm ki, Azərbaycan öz tərəfdaşları ilə əməkdaşlığa çox böyük önəm verir. Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regionları bizim üçün vahid ümumi regiona çevrilir. Avropa İttifaqı ilə bu yaxınlarda imzaladığımız enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu nəzərə alınmaqla, həmin sənədlər planlarımıza əlavə təkan verir.
Mən bu görüşün nəticələri ilə bağlı bir daha öz məmnunluğumu qeyd edir, dostumuz Prezident Kaçinskiyə qonaqpərvərliyə görə və bütün dost prezidentlərə və nazir müavininə səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm.
Sağ olun.
X X X
Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.
-Təchizatlara aid zəmanətlər haqqında nə deyə bilərsiniz? Təchizata hər hansı zəmanət verilirmi? Qazaxıstan və Azərbaycan tərəfindən bu layihəyə aid təchizat sahəsində hər hansı zəmanət verilə bilərmi?
İkinci sualım da Prezident Əliyevədir. Boru kəmərinin tikintisi başa çatdırılarsa, Azərbaycan həmin vaxt kifayət qədər neft hasilatına malik olacaqmı?
İLHAM ƏLİYEV: Nəhəng neft yataqlarının işlənilməsi proqramımız ölkəmizin tələbatının tam ödənilməsinə əsaslanır. Giriş sözümdə dediyim kimi, gələn ildən etibarən Azərbaycanda neft hasilatının həcmi ildə 50 milyon ton təşkil edəcəkdir. Həmin neftin nəqli üçün bizim bir neçə boru kəmərimiz var. Əsas ixrac boru kəməri, gündə 1 milyon barrel nefti buraxma qabiliyyətinə malik olan Bakı-Tbilisi-Ceyhan kəməridir. Bu o deməkdir ki, gələn il Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycanın yataqlarından hasil edilən neftlə tam dolu olacaqdır. Gündə 1 milyon barrel neftin nəqlinin son hədd olmayacağını və hasilatın artırılması ilə bağlı planlarımızı nəzərə alsaq, müxtəlif istiqamətlərdə də nəql edilmək üçün əlavə həcm birmənalı şəkildə olacaqdır.
Əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri əlavə texniki tədbirlərin görülməsi yolu ilə genişləndirilə bilər. Biz boru kəmərinin buraxıcılıq qabiliyyətini müəyyən dərəcədə artıra bilərik. Eyni zamanda, təchizatın şaxələndirilməsi bizim üçün çox önəmlidir. Biz bunun üzərində işləyirik. Olduqca qısa müddət ərzində biz üç boru kəmərinə nail olmuşuq. Birincisi ilə neftimizin Qara dənizə, ikincisi ilə Aralıq dənizinə və üçüncüsü ilə qazımızın Avropa bazarlarına çıxarılması gündəliyimizin aydın göstəricisidir. Ona görə əminəm ki, Azərbaycanda hasil olunan neft bizim əməkdaşlığımıza xidmət edəcəkdir.
Eyni zamanda, bu gün zəmanətlər haqqında danışmaq bəlkə də hələ tez olardı. Bildiyiniz kimi, biz elə indicə işçi qrupunun yaradılması qərarına gəldik. Bizim bu gün çox geniş müzakirələrimiz oldu. Bir neçə saat ərzində bir yerdə olduq. Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri haqqında olduqca maraqlı təqdimata baxdıq və məlumatı dinlədik. Bütün meyarları, layihənin kommersiya əsaslarını qiymətləndirdikdən sonra, təbii ki, biz öz planlarımız, nə vaxt və nə qədər nefti hasil edəcəyimiz barədə daha təfərrüatlı şəkildə danışacağıq.
Bu gün biz layihəyə verilən aydın siyasi dəstəyə malikik. Atılacaq ilk praktik addımlar artıq müəyyənləşdirilibdir. Biz şirkətin yaradılması barədə razılığa gəlmişik. Layihənin potensialını qiymətləndirməyə başlayırıq. Əminəm ki, müzakirələrimizin və məsləhətləşmələrimizin növbəti raundu zamanı biz bu istiqamətdə irəliyə doğru gedəcəyik.
Bundan əlavə, biz başa düşürük ki, Xəzərin şərq sahilindəki tərəfdaşlarımız üçün maraqlı olarsa, orada hasil edilən neft də bu boru kəməri üçün əlavə təchizat mənbəyi ola bilər.
Sağ olun.