AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MACARISTANA DÖVLƏT SƏFƏRİ
AZƏRBAYCAN-MACARISTAN BİZNES FORUMU
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri çərçivəsində fevralın 19-da Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir. Hər iki ölkənin dövlət başçılarının iştirak etdikləri forum Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İqtisadiyyatın Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunmuşdu. Forumda ölkəmizi dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, bank, maliyyə, sənaye və digər sahələrdə fəaliyyət göstərən 30 şirkətin nümayəndələri təmsil edirdi. Macarıstan tərəfdən isə 70-dək iş adamı iştirak edirdi.
Forum Macarıstan Prezidenti Laslo Şoyomun və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları ilə başlandı.
Biznes forumunun rəsmi açılışı başa çatdıqdan sonra Macarıstan Prezidenti Laslo Şoyom Azərbaycan Prezidenti İlham Əliyev ilə səmimiyyətlə sağollaşdı.
X X X
Sonra forum öz işini davam etdirdi. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev iki ölkə arasında olan iqtisadi əlaqələrdən, AZPROMO-nun prezidenti Emil Məcidov isə Azərbaycanda Macarıstan sərmayələri üçün perspektivlərdən danışdılar. Anar Axundov rəhbərlik etdiyi Azərbaycan İnvestisiya Şirkətinin təqdimatını etdi.
Forum çərçivəsində iş adamları arasında bir sıra ikitərəfli görüşlər keçirildi, Azərbaycanın “NJT 2000” və Macarıstanın “Borsod Chem” şirkətləri arasında 14 milyon dollarlıq xammal alınması barədə Memorandum imzalandı.
######
