AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏRB BÖLGƏSİNƏ SƏFƏRİ
QAZAX
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Qazax rayonuna səfərə gəlmişdir.
Prezident İlham Əliyev əvvəlcə Heydər parkında ümummilli liderimizin abidəsini ziyarət etdi, xanımı Mehriban Əliyeva ilə birlikdə abidə önünə gül dəstəsi qoydu, parkı gəzdi. Dövlətimizin başçısına parkın ərazisinin genişləndiriləcəyi barədə məlumat verildi və bildirildi ki, burada müasir texnoloji avadanlığa malik informasiya köşkü yaradılmışdır. Bu köşk vasitəsilə insanlar ulu
öndər Heydər Əliyevin həyat yolu, fəaliyyəti haqqında dolğun informasiya ala bilirlər. Köşk internet şəbəkəsinə qoşulmuşdur və dünya informasiya mənbələrinə daxil olmaq mümkündür. Vətəndaşlar öz irad və təkliflərini elektron poçt vasitəsilə rayon icra hakimiyyətinə çatdıra bilərlər. Qazaxlılar burada ulu öndərin 1998-ci ildə prezident seçkiləri ərəfəsində rayona səfəri zamanı ictimaiyyətlə görüşdə söylədiyi nitqi də dinləyə bilirlər.
Dövlətimizin başçısı parkın ətrafından axan Ağstafa çayını seyr etdi və burada xanımı ilə birlikdə xatirə şəkli çəkdirdi.