AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN GÖRÜŞÜ
İyunun 18-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin görüşü olmuşdur.
Dövlətimizin başçısı Polşa rəhbərini Prezident sarayının önündə səmimiyyətlə qarşıladı.
Təkbətək görüş zamanı bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Polşa əlaqələrindən danışıldı, iki ölkə arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişlənməsində GUAM-ın rolu vurğulandı.
Sonra geniş tərkibdə görüş keçirildi. Görüşdə çıxış edən Prezident İLHAM ƏLİYEV dedi:
-Hörmətli cənab Prezident! Sizi bir daha salamlayıram. Bizi maraqlandıran bir çox məsələlərə dair səmimi, konstruktiv diskussiyamız oldu və geniş tərkibdə görüşdə də ikitərəfli əlaqələr, uğurla inkişaf edən regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacağıq.
Çox minnətdarıq ki, Siz dəvətimizi qəbul etdiniz və inkişafının çox mühüm mərhələsini yaşayan təşkilatın - GUAM-ın zirvə görüşündə iştirak edirsiniz.
Mən Sizinlə belə intensiv dialoqu Azərbaycana rəsmi səfəriniz, uğurla keçən və yaxşı inkişaf edən Krakov energetika sammitində möhkəmlənmiş əlaqələrimizin davamı hesab edirəm. İkitərəfli münasibətlərin qarşılıqlı surətdə faydalı zəmində və mühüm layihələrin gerçəkləşdirilməsi əsasında inkişaf etdirilməsi baxımından biz çox nikbinik.
Xüsusilə mühümdür ki, Bakıya Sizin üçün belə əziz bir gündə - doğum gününüzdə gəlmisiniz. Mən Sizi bu gözəl gün münasibətilə səmimi qəlbdən təbrik etmək və Sizə Polşa xalqının rifahı, Avropanın rifahı naminə fəaliyyətinizdə uğurlar, ölkəyə uzun illər fəal rəhbərlik etməyinizi arzulamaq istəyirəm.
Polşa Prezidenti LEX KAÇİNSKİ dedi:
-Cənab Prezident, çox sağ olun. Mən, həqiqətən, buraya doğum günündə gəlmişəm. Azərbaycan və GUAM təşkilatı ilə qarşılıqlı münasibətlərə verdiyim əhəmiyyət mənim doğum günümdən daha önəmlidir. Bu əhəmiyyəti belə bir fakt da təsdiq edir ki, mən Bakıya, GUAM görüşünə Avropa İttifaqının çox vacib, mütəmadi olaraq mart, iyun və dekabrda keçirilən zirvə görüşünə iki gün qalmış gəlmişəm.