Azərbaycan Prezidenti milli maraqların hər şeydən üstün olduğunu növbəti dəfə nümayiş etdirdi
Bakı, 3 oktyabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək atəşkəs rejiminin pozulmasından narahatlığını ifadə edib. Əslində, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin rəhbərinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində qətiyyətli addımlar ataraq öz ərazi bütövlüyünü bərpa etmək istəyən Azərbaycanın dövlət başçısına zəng etməsi olduqca anlaşılandır. Anlaşılmayan isə Fransa Prezidentinin atəşkəsin pozulmasından narahat olması və sülhə çağırış etməsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, E.Makron, əslində, telefon danışığında işğalın bu günə qədər davam etməsindən, həmsədri olduğu təşkilatın problemi həll edə bilməməsindən, Ermənistanın yeni ərazilər işğal etmək niyyətindən narahat olmalı və Ermənistanın baş nazirinə zəng edərək dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını istəməli idi. Ancaq tam tərsinə, Makron bir qədər əvvəl ermənilərə xitabən bəyan etmişdi ki, “Fransa öz rolunu oynayacaq”, “Dağlıq Qarabağın (əslində isə Riqada səsləndirdiyi bəyanatda “Şimali Qarabağ” ifadəsi işlətmişdi) yenidən fəth olunmasına icazə verməyəcək və sona qədər müqavimət göstərəcək”.
H.Babaoğlu bildirib ki, bu söylənilənlər isə atəşkəsin pozulmasını təşviq edən, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fikirlərdir və işğalçını işğala daha da həvəsələndirməkdir: “Belə olan halda görəsən nə oldu ki, birdən-birə E.Makronun yadına atəşkəs və sülh düşdü. Bax, bu “nə oldu” sualının cavabı Ali Baş Komamdan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərinin savaşda göstərdiyi rəşadət və igidliklərdir. Azərbaycan Prezidenti İlham Əliyevin cavabı isə olduqca qətiyyətli və prinsipial oldu”.
Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki vətəndaşımızın həlak olduğunu, 60-dan çox adam yaralandığını, yüzlərlə yaşayış evinin dağıdıldığını fakt kimi qarşıya qoydu. Bildirdi ki, Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib. Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.
“Azərbaycan Prezidenti növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini nümayiş etdirərək bir daha göstərdi ki, heç bir güc onu milli maraqlardan çəkindirə bilməz. Dövlətimizin başçısı Makrona başa saldı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyənə qədər heç bir atəşkəsdən söhbət gedə bilməz!”, - deyə Hikmət Babaoğlu qeyd edib.