AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarın 3-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilmişdir.
İclasda ölkədə 2004-cü ildə ictimai-siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə olunmuş uğurlar, 2005-ci ildə qarşıda duran vəzifələr, görüləcək işlər və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxış edərək demişdir:
- Çox şadam ki, 2004-cü ildə biz hamımız çox səmərəli işləmişik. Hərə öz yerində Azərbaycanı çox inamla idarə etmişik. Əsas odur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasəti dəyişməz olaraq qaldı. Bu da gələcək uğurlarımızı təmin edəcək vacib bir amildir.
Regionların sosial inkişafı üçün mühüm addımlar atıldığını, korrupsiyaya qarşı mübarizəyə dair qanun qəbul edildiyini vurğulayan dövlətimizin başçısı yeni iş yerlərinin açılması, dinamik inkişaf sahəsində işlərin uğurla davam etdiyini bildirmişdir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması sahəsində proseslərin əlverişli istiqamətdə getməsinə nail olunduğunu vurğulayaraq demişdir:
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələ, demək olar ki, artıq başlanmışdır. Praqa prosesi adlandırılan proses mövcuddur, mən artıq bəyan etmişəm, bu, mərhələli həll deməkdir, buna nail olmaq asan məsələ deyildir. Əlbəttə, mən demək istəmirəm ki, bu məsələ artıq öz həllini tapıbdır. Danışıqlar gedir və bu danışıqları bizi qane edən məcrada inkişaf etdirmək üçün bütün vasitələrdən istifadə edirik. Geniş beynəlxalq ictimaiyyətin bu məsələyə cəlb edilməsi, başqa təşkilatlarda, yəni bu məsələ ilə bilavasitə məşğul olmayan təşkilatlarda məsələnin müzakirə edilməsi, - baxmayaraq ki, ermənilər buna çox etiraz edirlər, çox güclü müqavimət göstərirlər, - biz buna nail olduq və ümid edirəm ki, bu da danışıqların aparılmasına müsbət təsir edəcəkdir.
Azərbaycan Prezidenti 2005-ci ilin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinin başa çatacağı, regional layihələrin, o cümlədən nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində işlərin uğurla davam edəcəyi il olacağını bildirərək demişdir:
- 2005-ci ilə, demək olar ki, nikbinliklə baxmaq olar. Əlbəttə, bu, bizim fəaliyyətimizdən, işimizdən asılı olacaqdır. Ümid edirəm ki, həmişə olduğu kimi, biz hamımız - hökumət, ümumiyyətlə, iqtidar bu işləri layiqincə aparacağıq.