Azərbaycan qaçqın probleminin həllində təcrübəsini bölüşməyə hazırdır
Paris, 21 yanvar, AZƏRTAC
Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elmira Axundova və deputat Sabir Hacıyev Lüksemburqun Ailə, İnteqrasiya Nazirliyinin qaçqın və miqrantların qəbulu və inteqrasiyası ofisinin direktoru İv Piron ilə görüşüb, qaçqın və miqrant məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Elmira Axundova Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra bir sıra çətinliklərlə üzləşdiyini, Ermənistanın hərbi təcavüzünə məruz qaldığını bildirib. Qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 rayonu hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətimizin diqqət mərkəzində olub. Ölkədə bu istiqamətdə böyük layihələr həyata keçirilib, yeni qəsəbələr salınaraq qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilib. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramı qəbul edilib, onların sosial müdafiəsi ilə bağlı layihələr həyata keçirilib.
Milli Məclisin üzvləri Azərbaycanın qaçqın probleminin həllində təcrübəsini bölüşməyə hazır olduğunu bildiriblər.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin müşaviri Elçin Bəşirov görüşdə iştirak edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris