Azərbaycan qadını bütün dövrlərdə milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında müstəsna xidmətlər göstərib
Lerik, 7 mart, Bağır Əliyev, AZƏRTAC
Lerikdə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun qadınlarını qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Qeyd olunub ki, tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılıb. Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir. Təhsil, səhiyyə, mədəniyyət sahələrində, idarəetmə orqanlarında qadınlar hər zaman yüksək vəzifələrə irəli çəkilirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmiz üçün müxtəlif sahələrdə gördüyü işlər, o cümlədən təhsil və səhiyyənin inkişafına, milli mədəni irsin qorunmasına yönələn fəaliyyəti hər bir vətəndaşda böyük məmnunluq hissi doğurur.
Bildirilib ki, Lerik rayonunda müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərirlər. Onlardan bir qrupunun fəxri adlara, dövlət təltiflərinə layiq görülməsi ölkə rəhbərliyinin rayonun bütün qadınlarının əməyinə verdiyi qiymətdir.
Tədbirdə Əməkdar həkim Sadiqə Rufullayeva, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva, həmin liseyin müəllimi, “Tərəqqi” medallı Dünyaxanım Kərimova, Lerik şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Lütviyyə Vəliyeva, gənc fəal Məleykə Cəbizadə, Lərmərud kənd tam orta məktəbin müəllimi Xuraman Rzayeva, Uzunömürlülər muzeyinin direktoru Dilarə Fətullayeva çıxış edərək Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında fəal iştirak etdiklərini, rayonun ictimai-siyasi və mədəni həyatında qadınların uğurla fəaliyyət göstərdiklərini qeyd edərək qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna hədiyyələr təqdim olunub.