REGİONLAR
Azərbaycan qadını hər zaman xalqımızın adını uca tutub










Xaçmaz, 7 mart, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmaz rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan bayram tədbirində bildirilib.
Tədbirdə şəhid anaları, şəhidlərin həyat yoldaşları və qız övladları, eləcə də müxtəlif sahələrdə çalışan fəal qadınlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edilib. Bildirilib ki, milli-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Çıxışlarda Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyi, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Şəhid anaları göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə şəhid analarına, şəhidlərimizin həyat yoldaşlarına və qız övladlarına, eləcə də rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri, həmçinin tədbirdə iştirak edən bütün xanımlara gül buketləri təqdim olunub.
Bayram şənliyi yerli incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.