Azərbaycan qadınları cəmiyyətimizdə əvəzedilməz rol oynayırlar
Bakı, 7 mart, Səadət Hakıyeva, AZƏRTAC
Ölkəmizdə qadının cəmiyyət və dövlət üçün mühüm rolunu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yüksək dəyərləndirərək qadınlara seçki hüququnun verilməsi barədə qanun qəbul edib. AXC Şərqdə ilk dəfə olaraq göstərdi ki, qadın nə qədər yetkin, dünyagörüşlü olarsa, cəmiyyət də bir o qədər mükəmməl olacaq. Bu imtiyaz Azərbaycan qadınına öz potensialından, bilik və bacarığından lazımınca istifadə etməyə və cəmiyyət üçün gərəkli olmağa şərait yaratdı.
Biz bütün dövrlərdə qadınlarımızla fəxr etmişik. Çünki onlar həmişə həyatın bütün sahələrində fəallıq göstəriblər. Maarifpərvər qadınlarımız Azərbaycan cəmiyyətinin mütərəqqi təfəkkür düşüncəsinin formalaşmasında böyük rol oynayıblar. Elə qadınlarımız var ki, onlar müxtəlif dövrlərdə Azərbaycanın şöhrətini dünyaya yayıblar və indi də yayırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, ölkəmizdə qadın hüquqları Konstitusiya ilə qorunur, onların hüquq və azadlıqları ilə bağlı Qanuna əlavə və dəyişikliklər edilir. Dünyada ciddi problemlərdən olan gender bərabərliyinin təmin olunması istiqamətində də mühüm layihələr həyata keçirilir. Milli Məclisə son seçkilərdə deputatlığa namizəd qadınların sayı onu deməyə imkan verir ki, Azərbaycanda qadınlar seçki prosesində fəal iştirak edirlər.
“Azərbaycan qadınları istər iqtisadi, istərsə də siyasət sahəsində mühüm uğurlar əldə edirlər. Bunu elm, texnologiya sahələrinə də aid etmək mümkündür. Ötən əsrin ortalarından başlayaraq, eləcə də ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan qadınları rəhbər vəzifələrdə çalışıblar. Əmək cəbhəsində də sayılıb-seçilən qadınların sayı kifayət qədər idi.
Bu gün Azərbaycan qadınları həyatın bütün sahələrində kişilərlə bərabər çiyin-çiyinə işləyirlər. Ailənin əsas sütunu da bizim cəfakeş qadınlarımızdır. Ana dünyaya körpə gətirməklə yanaşı, gənc nəslin formalaşmasında da mühüm rol oynayır. Qadın ailə qurucusudur, yeni nəslin moderatorudur”.