Azərbaycan qalib tərəf kimi nəyin, necə olacağına qərar verəcək - Ekspert
Bakı, 11 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın suverenliyi, bütövlüyü, dövlətçiliyi uğrunda apardığı mübarizə 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə son nəticələrini verəndə biz daha da şad olduq. Yəni, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Ümummilli Liderin qoyduğu strateji xətt üzrə davam edərək bu uğurları bizə qazandırdı. Ulu Öndər Heydər Əliyev hələ sağlığında işğal olunmuş torpaqlarımızın azad olunacağına inandığını qeyd edirdi. Azərbaycanın mədəni irsi olan Şuşanın işğaldan azad olunması Ümummilli Liderin ən böyük arzularından biri idi. Nəticədə isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu tarixi Zəfəri əldə edə bildik. Əldə etdiyimiz tarixi uğurlar isə gənc nəslin şücaəti və mübarizəsi sayəsində qazanıldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov söyləyib.
O bildirib ki, dövlətimizin başçısı Şuşada xalqa etdiyi müraciətində Azərbaycanın gələcək strategiyaları, regionun inkişafı ilə bağlı bir çox məsələlərə toxundu. Ermənilərin narahatlığının əsas səbəbi Prezident İlham Əliyevin Şuşada, Nikol Paşinyanın isə Ermənistanı vassal vəziyyətinə salan Rusiyanın yanında olması idi. Erməni xalqı bu məsələni özlərinə təhqir kimi görürlər. Bundan əlavə, Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə onları mənəvi cəhətdən sındırıb. Azərbaycanlılar isə müzəffər və qalib xalq kimi artıq alnı açıqdır və bizlər qürur hissi keçiririk.
Ermənilərin hazırda təşviş içində olduqlarını qeyd edən hərbi-siyasi ekspert deyib: “Ermənilərin media qurumlarını izləyərkən müşahidə edirik ki, Prezident İlham Əliyevin son gülər Şuşada strateji əhəmiyyətli obyektlərin açılışını etməsi, infrastruktur layihələrinin təməlini qoyması fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri onları qıcıqlandırdı və böyük bir ruh düşkünlüyü yaratdı”.
Telman Qasımov əlavə edib ki, dövlətimiz İkinci Qarabağ müharibəsindən sonra sərhəd təhlükəsizliyini təmin etdi. Ötən ay isə Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu. Bununla da erməni terrorçularının Azərbaycan ərazilərinə qanunsuz daxil olmasının qarşısı alındı. Bu işə təkan verən məsələ isə 2022-ci ilin dekabrın 12-də Laçın-Xankəndi yolunda ekofəalların iştirakı ilə keçirilən aksiya idi. Bəzi xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən ekoaksiyanı dayandırmaq üçün təzyiqlər edilsə də, lakin uğurlarımızı həzm edə bilməyən qüvvələr bunu bacarmadı. Növbədə isə Qarabağda qalan separatçı ünsürlərin ərazilərimizdən çıxarılmasıdır. Çünki Azərbaycan ərazisində yaşayan hər kəs dövlətin konstitusiyasına tabe olmalı, qanunlara əməl etməlidir.
Ölkəmizdə bütün sahələrdə inkişaf gedir, yeni layihələr icra olunur. Çünki bundan sonra da bizi böyük mübarizələr və gələcək planlar gözləyir. Qələbəni əldə edən tərəf Azərbaycan olduğu üçün nəyin necə olacağına qərarı da ölkəmiz verəcək.