AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2002-ci il fevralın 28-də Azərbaycan Respublikası Ali Məhkəməsində hakimlərin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə və 2001-ci il sentyabrın 1-dən qüvvəyə minmiş yeni qanunvericiliyin tətbiqi ilə əlaqədar Respublika Apellyasiya Məhkəməsinin cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının və hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının hakimləri, 2002-ci il martın 1-də isə Apellyasiya məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının və Respublika İqtisad Məhkəməsinin hakimləri üçün seminar-məşğələlər keçirilmişdir.
İki gün davam edən seminar məşğələlərdə birinci və Apellyasiya instansiyası məhkəmələrində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi sahəsində ortaya çıxan bəzi məsələlər barədə, hərbi xidmətdən boyun qaçırma, hərbi hissəni özbaşına tərk etmə və fərarilik cinayətləri haqqında, məhkəmə sənədlərinin tərtibində yol verilən nöqsanlarla bağlı Ali Məhkəmənin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının hakimləri N.Hüseynov, R.Məmmədov və M.Ağazadə çıxış etmişlər. İddia üzərində sərəncam verilməsi və məhkəmə qərardadlarının çıxarılması və onlardan verilmiş şikayətlərə baxılması qaydası barədə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının hakimləri B.Əsədov və Ə.Mirzəliyev, maddi və prosessual hüquq normalarının tətbiqinin bəzi məsələləri haqqında isə Ali Məhkəmənin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının hakimi Ş.Hidayev məruzələr etmişlər.
Müzakirə olunan mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.