AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU PROKURORLUĞA İŞƏ QƏBULLA ƏLAQƏDAR MÜSABİQƏ ELAN EDİR
Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda sənədlərlə Baş Prokurorluğa müraciət edə bilərlər:
1. Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tərcümeyi-hal
4. 4x6 sm. ölçüdə ağ fonda 4 ədəd rəngli fotoşəkil
5. Ali təhsil haqqında diplomun surəti
6. Əmək kitabçasının surəti
7. Müəyyən olunmuş formada sağlamlıq haqqında arayış
8. Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış
9. Yaşadığı ünvan üzrə rayon hərbi komissarlığında qeydiyyatda olması
haqqında arayış.
2-ci, 5-ci və 6-cı bəndlərdə qeyd olunan müvafiq sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.
Sənədlər Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7 - Baş Prokurorluğun inzibati binasının qəbul otağında 2006-cı il iyulun 3-dən sentyabrın 29-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul olunacaqdır.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə keçirilən test imtahanından və söhbətdən ibarət müsabiqə təşkil olunacaqdır. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən müddətli hərbi xidmətdə olanlara və xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcəkdir.
Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, seçkilərdə iştirak etmək hüququ olmalıdır.
Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.
Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununa əsasən, prokurorluğa işə qəbul edilmirlər: ikili vətəndaşlığı olan şəxslər; digər dövlətlər qarşısında öhdəlikləri olanlar; din xadimləri; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuroru və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər; alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda); əvvəllər məhkum olunmuş və ya bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər, habelə əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər.
Müsabiqənin tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə əlavə elan veriləcəkdir.
Əlavə məlumat almaq üçün 492-62-23, 492-35-59, 492-74-32 nömrəli telefonla əlaqə saxlamaq olar.