AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN VƏ BAŞ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI
2006-cı il avqustun 24-də saat 7.00 radələrində Əlihüseyn Şaliyev birdəfəlik istifadə üçün nəzərdə tutulan ülgüclə sağ və sol qolunun damarlarını kəsməklə özünə qəsd etmiş, müalicə müəssisəsinin əməkdaşları tərəfindən müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq vəfat etmişdir.
Azərbaycan Respublikası Ədliyyə, Milli Təhlükəsizlik Nazirlikləri və Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerindən birdəfəlik istifadə üçün nəzərdə tutulan ülgüc, Əlihüseyn Şaliyevin özü tərəfindən yazılması ehtimal edilən və ailə üzvlərinə ünvanlanmış, ölümündə kənar şəxsin təqsirinin olmaması və onu bağışlamaları barədə məktub aşkar edilərək götürülmüşdür. Ə.Şaliyevin sağ və sol qolunda kəsici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətləri olan meyiti ölümün səbəbini müəyyən etmək üçün komisyon məhkəmə-tibbi ekspertizası təyin edilərək daxili müayinə aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən baş vermiş hadisə ilə əlaqədar müvafiq xidməti araşdırma aparılır.
Əlihüseyn Şaliyevin özünə qəsd etməsi faktı üzrə Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq edilir. Hadisənin araşdırılması üçün cinayət işi üzrə zəruri əməliyyat–istintaq tədbirləri həyata keçirilir.