SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərərək, hümanizm prinsiplərini rəhbər tutaraq, məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin əfv haqqında müraciətlərinə baxaraq, cinayətlərin törədilməsi şəraitini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların törətdikləri əməldən peşmançılıq çəkdiklərini, onların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə müsbət davranışlarını və qanunlara riayət etmələri barədə vədlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 89 məhkumun əfv olunması haqqında 2002-ci il martın 13-də Fərman imzalamışdır.
Fərmana əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 81 şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, 8 şəxs barədə cəzanın çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Cəzadan azad edilənlərin 4 nəfəri qadın, 4 nəfəri isə yetkinlik yaşına çatmamış şəxslərdir.
Əfv olunan məhkumlardan 75 nəfəri Azərbaycan Respublikasının müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı törədilmiş cinayətlərdə iştirak etmiş şəxslərdir.
Onlardan 14 nəfəri 1994-cü ilin oktyabr ayında qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstələrin tərkibində Gəncə şəhərində baş vermiş dövlət çevrilişi cəhdində, 53 nəfəri isə - Daxili İşlər Nazirliyinin sabiq Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları, hərbi qulluqçular və bu cinayətə qoşulmuş mülki şəxslər -1995-ci ilin mart ayında hakimiyyəti zorakılıqla ələ keçirmək məqsədi ilə Bakı şəhərində, Qazax və Ağstafa rayonlarında Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı sui-qəsddə iştirak etmişlər.
Bundan əlavə, əfv olunmuş 3 məhbus 1993-cü il sentyabrın 30-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri cənab Heydər Əliyevin həyatına sui-qəsd etmiş, 5 məhbus isə 1993-cü ilin oktyabr və 1994-cü ilin avqust aylarında Naxçıvan Muxtar Respublikasında qanunsuz silahlı qrupların tərkibində cinayət törətmiş şəxslərdir.
Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirmişdir ki, əfv edilmiş şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, islah olunub tezliklə cəmiyyətə qovuşacaq və gələcəkdə Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl edəcəklər.
Fərman qəzetdə dərc olunur.