AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
XİN-in mətbuat mərkəzi bu saxtakarlığı qətiyyətlə təkzib edir və bildirir ki, Azərbaycan Respublikasının Prezidenti həmin bəyanatı imzalamamışdır.
MDB dövlət başçılarının 2004-cü il iyulun 3-də Moskvada keçirilmiş qeyri-formal görüşündə “MDB-nin üzvü olan dövlətlərin ATƏT-də işlərin vəziyyəti ilə bağlı bəyanatı”nın layihəsi müzakirə olunmuşdur.
Azərbaycan Respublikası yuxarıda adı çəkilən Bəyanata qoşulmamış və öz variantını - “MDB-nin üzvü olan dövlətlərin ATƏT məkanında qarşılıqlı fəaliyyətinə dair bəyanat” təklif etmişdir. Həmin variantda deyilir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropa təhlükəsizliyi arxitekturasında əsas yer tutur.
Qeyd olunmuşdur ki, ATƏT çərçivəsində konstruktiv, qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişafına kömək edə biləcək bir sıra məqamlara və müddəalara diqqət yetirmək zəruridir. Bu baxımdan təhlükəsizliyin üç məqamı – hərbi-siyasi, iqtisadi və ekoloji məqamlar, habelə humanitar təhlükəsizlik arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin məqsədəuyğunluğu yeni təhdidlərə və təhlükələrə qarşı durmaqda ATƏT-in imkanlarını möhkəmləndirəcəkdir. Humanitar sahədə fəaliyyət, əsasən, insan hüquqları və demokratik təsisatlar quruculuğunda vəziyyətin monitorinqinə yönəldilmişdir, halbuki ATƏT-in üzvü olan dövlətlərin ərazisində milyondan artıq qaçqın və məcburi köçkünlərin olması kimi humanitar fəlakətə Təşkilat çox vaxt lazımi diqqət göstərmir.
ATƏT-in mandatının əsas elementi Təşkilat məkanında suveren dövlətlərin ərazilərinin işğalı və etnik təmizləmələrlə müşayiət olunan böhranların, münaqişələrin qarşısının alınması və aradan qaldırılmasıdır. ATƏT Təşkilatın təməl sənədlərində öz əksini tapmış prinsip və normaları pozan dövlətlərə münasibətdə ardıcıl mövqe tutmalıdır.
ATƏT məkanında təcavüzkar separatizm, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün pozulması ilə müşayiət olunan münaqişələrin həlli, təcavüzlərin qabaqlanması və qarşısının alınması sahəsində öz qərarlarının yerinə yetirilməsi ilə bağlı ATƏT-in səyləri heç də həmişə səmərəli deyildir. İkili standartlar praktikasının təzahürlərinin qətiyyətlə aradan qaldırılması tələb olunur. Uzunmüddətli sülhün bərqərar edilməsi sisteminin və mexanizmlərinin təkmilləşdirilməsinə, ATƏT-in üzvü olan ölkələrin stabil və sabit inkişafına dair kollektiv tədbirlər görülməsi zəruridir.
Azərbaycanın bu mövqeyi Vyanada ATƏT-in üzvü olan dövlətlərin diqqətinə çatdırılmışdır.
XİN-in mətbuat mərkəzi hesab edir ki, ölkə Prezidentinin mövqeyi barədə Azərbaycan ictimaiyyətinə yalan məlumat verdiyinə və Azərbaycanın beynəlxalq nüfuzuna zərər vurduğuna görə, “Yeni Müsavat” qəzeti ölkə Prezidentindən üzr istəməli və təxirəsalınmadan təkzib dərc etməlidir.
Bakı, 2004-cü il 9 iyul.