AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 14-cü bəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, “2002-ci ildə əhalinin məşğulluğunun təmin edilməsinə ayrılan vəsaitin məqsədli xərclənməsini nəzərdə tutan Proqram” təsdiq edilsin.
“2002-ci ildə əlillərin sosial müdafiəsinə və reabilitasiyasına ayrılan vəsaitin məqsədli xərclənməsini nəzərdə tutan Proqram” da təsdiq olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər iki proqramın yerinə yetirilməsini təmin etməli, məşğulluq xidməti orqanlarının, Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin və onun struktur bölmələrinin saxlanılması üçün nəzərdə tutulan xərclər smetasını təsdiq etməlidir.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu proqramlara müvafiq olaraq nəzərdə tutulan tədbirlərin məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməlidir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabineti qərara almışdır ki, məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) tapşırığı ilə gördükləri işlər tərcüməçinin, ekspertin və mütəxəssislərin xidməti vəzifələrinə aid deyildirsə, onlara gördükləri işlərin əvəzinə haqq ödənilsin. Ödənilən haqqın məbləği hər iş saatı üçün aylıq gəlirin vergi tutulmayan məbləğinin 1 faizi miqdarında müəyyən edilmişdir.
Ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilən haqqın məbləği inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin və səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarında göstərilir.
İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılır.
Əmək münasibətlərində olmayan zərərçəkənlər, şahidlər və hal şahidləri adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsinə görə hər gün üçün aylıq gəlirin vergi tutulmayan məbləğinin 5,5 faizi miqdarında əvəz alırlar.
“İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərərçəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclərin ödənilməsi qaydası” təsdiq olunmuşdur.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.