İDMAN
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Gəncədə regional seminar keçirilib
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının (AŞF) Məşqçilər Komissiyasının təşkilatçılığı ilə Gəncədə regional seminar keçirilib.
AZƏRTAC AŞF-in mətbuat xidmətinə istinadla xəbər verir ki, seminarda Gəncə, Şəmkir, Mingəçevir, Gədəbəy və Tovuzdan ümumilikdə 50 məşqçi-müəllim iştirak edib.
Tədbir çərçivəsində ibtidai hazırlıq və təlim-məşq qrupları ilə tədris aparan məşqçilərlə müasir metodiki yanaşmalar, təcrübə mübadiləsi, tədrisdə müasir şahmat proqramlarının və elektron vəsaitlərin rolu barədə söhbət aparılıb.
Seminar AŞF-in Məşqçilər Komissiyasının rəhbəri, Əməkdar məşqçi Anar Allahverdiyev və komissiyanın üzvü, “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev tərəfindən keçirilib.
Seminarlar növbəti aylarda başqa regionlarda davam etdiriləcək.