AZƏRBAYCAN SƏFİRİ BƏHREYNDƏ GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, səfir Bəhreyn parlamenti Deputatlar palatasının sədri Xəlifə əl-Zəhrani, xarici işlər naziri Xalid bin Əhməd bin Məhəmməd Al Xəlifə, müdafiə naziri şeyx Xəlifə bin Əhməd bin Al Xəlifə və digər rəsmi şəxslərlə görüşmüşdür.
Dostluq şəraitində keçən söhbətlər zamanı E.Araslı xalqımızın tarixi və müasir həyatı, ölkəmizin iqtisadi, elmi və mədəni potensialı, son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar haqqında məlumat vermişdir. Görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün mahiyyətinə və onun ağır nəticələrinə xüsusi diqqət yetirilmişdir. Səfir münaqişənin sülh yolu ilə ədalətli həlli istiqamətində Prezident İlham Əliyevin fəal səylərini vurğulayaraq, bu sahədə dəstəyə görə Bəhreyn rəhbərliyinə minnətdarlığını bildirmişdir.
E.Araslı parlamentdə görüş zamanı noyabrın 6-da Azərbaycanda Milli Məclisə keçirilən seçkilər barədə müfəssəl söhbət açmış, ölkəmizdə demokratiyanın inkişafında bu seçkilərin mühüm rol oynadığını qeyd etmişdir.
Bəhreyn rəsmi dairələrinin nümayəndələri ölkənin Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığının inkişafında maraqlı olduqlarını bildirmişlər. Onlar Ermənistanın respublikamıza qarşı təcavüzünü Bəhreynin qətiyyətlə pislədiyini, işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş bütün ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması, xalqımızın haqq işinin dəstəklənməsi və tezliklə Azərbaycanın tam suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması çağırışı ilə çıxış etdiklərini vurğulamışlar.
Ölkələrimiz arasında münasibətlərin inkişaf yollarının müzakirəsi məqsədi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2006-cı ilin əvvəllərində Bəhreynə rəsmi səfər etməsi, iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması barədə razılıq əldə olunmuşdur.
Xəlifə bin Əhməd əl-Zəhrani iki ölkənin parlamentlərinin təmsilçiləri arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi, Azərbaycan-Bəhreyn, Bəhreyn-Azərbaycan parlamentlərarası dostluq komissiyalarının yaradılması barədə Azərbaycan tərəfinin təklifinin alqışlandığını bildirmişdir.
Xarici İşlər Nazirliyində keçirilən görüşlər zamanı isə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq barədə bir sıra saziş layihələri müzakirə olunmuşdur.