SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Banqladeş Prezidentinə təqdim edib
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycanın eyni zamanda Banqladeş Xalq Respublikasındakı səfiri Əşrəf Şıxəliyev etimadnaməsini bu ölkənin Prezidenti Əbdül Həmidə təqdim edib.
AZƏRTAC xəbər verir ki, səfir Ə.Şıxəliyev, həmçinin ölkənin xarici işlər üzrə dövlət naziri Şəhriyar Alam və xarici işlər nazirinin müavini Kamrul Ahsanla da görüşüb.
Görüşlər zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, bu xüsusda Azərbaycanın sədrliyi ilə oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının zirvə görüşündə Banqladeş nümayəndə heyətinin iştirakının vacibliyi qeyd edilib.
Səfir "ASAN xidmət" mərkəzlərinin vətəndaşlara tez və şəffaf şəkildə xidmətlərin göstərilməsi üzrə fəaliyyəti barədə məlumat verib, ölkəmizin bu təcrübəsini Banqladeşlə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. O, Banqladeş məhsulları üçün əsas ixrac bazarlarının ABŞ və Avropa ölkələrinin olmasını nəzərə alaraq, Şimal-Cənub nəqliyyat dəhlizinin üstünlükləri barədə məlumat verib, Banqladeşi bu dəhlizə qoşulmağı nəzərdən keçirməyə təklif edib.
Görüşlərdə iki ölkə arasında iqtisadiyyat, o cümlədən ticarət, informasiya-kommunikasiya texnologiyaları, turizm sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıblar.