SİYASƏT
AZƏRBAYCAN SƏFİRLİYİ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR KEÇİRMİŞDİR
Xocali soyqırımının 10-cu ildönümü ilə əlaqədar ölkəmizin İran İslam Respublikasındakı səfirliyi bir sıra tədbirlər keçirmişdir.
Azərbaycan, ingilis və fars dillərində bülleten hazırlanaraq İİR hökumətinin nümayəndələrinə, Tehrandakı səfirliklərə və beynəlxalq təşkilatların nümayəndələrinə göndərilmiş, İranın bir sıra nüfuzlu qəzetlərində Xocalı faciəsi haqqında geniş məqalələr dərc etdirilmişdir.
Səfir Abbasəli Həsənov fevralın 25-də İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüş, keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə ermənilərin Xocalıda törətdiyi vəhşiliklər haqqında onlara ətraflı məlumat vermişdir. Azərbaycan diplomatı parlament üzvlərinə Xocalı soyqırımından bəhs edən müxtəlif materiallar, kitablar və səfirlik tərəfindən hazırlanıb İranda Azərbaycan və fars dillərində çap olunmuş “Çarizmi Azərbaycana gətirənlər” kitabını təqdim etmişdir.
Azərbaycan səfiri parlamentlərarası dostluq qrupunun rəhbəri Əliəsgər Şeyrdust ilə də görüşmüş, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qanlı faciə haqqında ətraflı söhbət açmışdır.
Səfir Abbasəli Həsənov həmin gün yerli və xarici jurnalistlər üçün geniş mətbuat konfransı təşkil etmişdir.
Fevralın 26-da Azərbaycan səfirliyində Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. Xarici ölkələrin səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri həmin gün səhər saat 9-da səfirliyə gələrək, buradakı xatirə kitabına Xocalı soyqırımı barədə öz qeydlərini yazmış, ermənilərin vəhşiliyindən bəhs edən fotosərgiyə və “Xocalı - əsrin faciəsi” sənədli filminə baxmışlar.
Səfirliyə dəvət olunan ziyalılar, Tehran və Qəzvin şəhərlərində təhsil alan azərbaycanlı tələbələr, yerli ictimaiyyətin nümayəndələri, səfirliyin əməkdaşları Bakı vaxtı ilə saat 17.00-da Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.