Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub
Düşənbə, 31 yanvar, AZƏRTAC
Azərbaycanın Tacikistandakı yeni səfiri Həsən Məmmədzadənin bu ölkənin iqtisadi inkişaf və ticarət naziri, Azərbaycan-Tacikistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Nematullo Hikmatullozoda ilə görüşündə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinə dair müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, nazir Tacikistanda yeni səfir təyin olunması münasibətilə H.Məmmədzadəni təbrik edib və diplomatik fəaliyyətində ona uğurlar arzulayıb. O, Azərbaycana səfərlərini xatırlayaraq ölkəmizin inkişafı, Bakı şəhərinin daha da gözəlləşməsi, həyata keçirilən iqtisadi islahatların verdiyi töhfələr, ölkəmizin böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi barədə danışıb. Son 10 ildə qardaş Azərbaycanın regionun ən inkişaf etmiş ölkəsinə çevrilməsinin şahidi olduğunu bildirən nazir bu işdə yeni uğurlar arzulayıb.
Nematullo Hikmatullozoda 2018-ci ilin Tacikistanda “Turizm və sənətkarlıq ili” elan olunduğunu bildirərək, bu sahədə geniş təcrübə qazanan Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını söyləyib.
Nazir Tacikistanın zəngin təbiətə, turizm sahəsində böyük potensiala malik olduğunu qeyd edib, Azərbaycanın turizm sahəsində əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu bildirib.
Görüşdə komissiyanın Bakıda keçirilən 4-cü iclası zamanı imzalanan protokolun müddəalarının icrası, o cümlədən ticarət dövriyyənin artırılması, Bakı-Düşənbə reysinin bərpası, turizm sektorunun inkişafı, məhsulların təkrar emalı, kənd təsərrüfatının inkişafı və digər sahələr üzrə müzakirələr aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə