Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti iclası Gəncədə təşkil olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin Gəncədə səyyar iclası keçirilib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar Gəncə Dövlət Dram Teatrının binası ilə tanış olublar.
Gəncə, Mingəçevir və Şəki Dövlət Dram teatrlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda İttifaqın sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək Azərbaycan teatrlarının bugünkü vəziyyətindən, uğurlarından, problemlərindən danışıb. O, Gəncə Dövlət Dram Teatrının beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etdiyini vurğulayıb.
Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı İttifaqın "Teatr xadimi" medalı ilə təltif olunub. Aqil Bəhramlı ona göstərilən diqqətə görə minnətdarlığını bildirib, qarşıda duran həlli vacib məsələlərdən danışıb.
İclasda çıxış edən İttifaqın İdarə Heyətinin sədr müavinləri Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Azad Şükürov, İdarə Heyətinin üzvü Xalq artisti Mərahim Fərzəlibəyov, Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, Gəncə Teatrının ədəbi hissə müdiri Anar Bürcəliyev, Şəki Teatrının baş rejissoru Mirbala Səlimli, Mingəçevir Teatrın aktrisası Xalq artisti Ella Yaqubova, aktrisa Könül Hacıyeva və digərləri teatrlarda olan müxtəlif problemlər haqqında fikir mübadiləsi aparıblar.