Azərbaycan Tələbə Şəbəkəsi Bundestaqda qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsinin qəbulunu pisləyib
Berlin, 8 iyun, AZERTAC
Azərbaycan Tələbə Şəbəkəsi Almaniya Bundestaqında qəbul edilmiş antitürk qətnaməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Bundestaqın tarixin bütün hadisələrinə eyni dərəcədə ciddi yanaşması və tarixə ayrı-seçkilik salmadan nəzər salması labüddür.
Birinci Dünya müharibəsi zamanı baş vermiş böyük faciələrindən biri 1918-ci ilin mart-aprel aylarında yüz minlərlə azərbaycanlının erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi olub. Həmin hadisələrin qurbanları arasında azərbaycanlılarla yanaşı, Azərbaycanda yüzilliklərdən bəri sülh şəraitində yaşayan digər etnik və dini azlıqlar - yəhudilər, ləzgilər, talışlar və digərlərinin çoxlu sayda nümayəndələri olub. Ermənilər özləri törətdikləri bu cinayəti 1915-1916-cı illərdə Osmanlı imperiyasında baş vermiş hadisələrin intiqamı adlandırıblar.
Almaniya Bundestaqı qəbul etdiyi qətnamədə Türkiyədən Osmanlı imperiyasında 101 il bundan öncə baş vermiş hadisələrə qiymət verməyi tələb edir və bunu “ermənilərin yarasının sağalması və xalqlar arasında yaxınlaşma” üçün vacib olduğunu bildirir. Azərbaycanlılar, dağ yəhudiləri, talışlar, ləzgilər və Azərbaycanın digər xalqları da soyqırımı acısını yaşayırlar. Amma Ermənistan indiyədək bu cinayətlərə nəinki qiymət verməyib, hətta onu törədənlər qəhrəmanlaşdırılıb.
Tarixi hadisələrin araşdırılmaması və günahkarların pislənilməməsi XX əsrin sonunda azərbaycanlılara qarşı yenidən soyqırımının həyata keçirilməsi və onların öz torpaqlarından qovulması ilə nəticələnib. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı etnik və mədəni təmizləmə həyata keçirilib, bir milyon azərbaycanlı öz vətənindən qovulub. 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı soyqırımı zamanı şəhər sakinləri yalnız azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər.
“Bundestaqın erməni tarixinin qaranlıq səhifələrinə də nəzər salmasını və digər xalqların acısını görüb tanımasını istərdik. İnanırıq ki, demokratik ölkədə seçilmiş xalq təmsilçilərinin bizim xalqımızın acısını eyni dərəcədə ciddiyə alması və hansısa siyasi amillərin onu əngəlləməməsi üçün yetərincə ədalət və müstəqillik sərgiləyə biləcək”, - deyə bəyanatda bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin