Azərbaycan Turizm İnstitutunda marketinq araşdırmalarına dair praktiki seminar keçirilmişdir
Bakı, 1 noyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) bu ali təhsil ocağı və “Hyundai Auto Azerbaijan” şirkətinin birgə layihəsi çərçivəsində marketinq araşdırmalarına dair praktiki seminar keçirilmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC -a bildirmişlər ki, seminarın məqsədi ümumilikdə avtomobil, qida, bank sektorunda yer alan nüfuzlu şirkətlərin inkişaf strategiyası və taktikası barədə iştirakçıları ətraflı məlumatlandırmaq, nəzərdə tutulan araşdırmalar əsasında təkliflər paketinin hazırlanmasına cəlb etməkdir.
ATİ-nin marketinq kafedrası əməkdaşlarının avtomobil sektorunda müştərilərə göstərilən xidmətin keyfiyyəti üzrə keçirdikləri sorğuda marketinq ixtisasında təhsil alan tələbə-respondentlərin böyük əksəriyyəti məhz “Hyundai Auto Azerbaijan” şirkətinin məsul işçiləri ilə praktiki seminar keçirilməsinə müsbət rəy bildirmişlər. Praktiki seminarda tələbələr yüksək fəallıq göstərmiş, onların sualları ətraflı cavablandırılmışdır.
Tədbirdə ATİ-nin kollektivi tərəfindən belə məqsədyönlü praktiki seminarların keçirilməsinin davamlı olacağı vurğulanmışdır.
Sonda marketinq araşdırmalarında, marketinq ixtisasında tədris olunan müxtəlif fənlərin mənimsənilməsində, o cümlədən institutun ictimai həyatında xüsusi fəallıq göstərən 4 tələbəyə həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.