AZƏRBAYCAN-UKRAYNA: DİPLOMATİK MÜNASİBƏTLƏRİN 10 İLLİYİ
Fevralın 6-da Ukrayna ilə Azərbaycan Respublikası arasında rəsmi diplomatik münasibətlər yaradılması haqqında müqavilənin imzalanmasının 10 ili tamam olmuşdur. Ölkəmizin Kiyevdəki səfiri Tələt Əliyev bununla əlaqədar Ukraynanın “Novıy vek” qəzetinə müsahibə vermişdir.
Diplomat müxbirin suallarına cavab verərək bildirmişdir ki, Ukrayna ilə Azərbaycan arasında həmişə sıx və mehriban münasibətlər olmuşdur. Lakin SSRİ-nin süqutundan, bu iki respublika müstəqil dövlətlər olduqdan sonra rəsmi diplomatik münasibətlər yaradılması zərurəti meydana çıxmışdır. Onillik yubiley sübut edir ki, Ukrayna və Azərbaycan müstəqil dövlətlər kimi formalaşmışlar.
Tələt Əliyev dövlətlərarası münasibətlərin indiki vəziyyətindən danışarkən xatırlatmışdır ki, bu illər ərzində ölkələrimiz arasında 60-dan çox saziş, memorandum, müqavilə imzalanmışdır. Bu sənədlərə əsaslanaraq inamla demək olar ki, ölkələrimiz strateji tərəfdaşdırlar. Azərbaycan və Ukrayna nümayəndələri ATƏT, BMT, Avropa Şurası kimi bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edirlər. Diplomatik münasibətlər yaradılması sayəsində dövlətlərimiz təkcə MDB-də deyil, GUÖAM çərçivəsində də əməkdaşlıq edirlər. Daha lokal və dinamik olan bu birlik hər iki ölkə rəhbərlərinin səyləri sayəsində həyata vəsiqə almışdır və onun beynəlxalq iqtisadi təşkilata çevrilmək perspektivi var. Diplomat demişdir ki, GUÖAM-ın böyük gələcəyə malik olduğuna belə bir fakt sübutdur ki, bir çox dövlətlər bu təşkilata yüksək maraq göstərirlər.
Səfir vurğulamışdır ki, prezidentlər Heydər Əliyevin və Leonid Kuçmanın şəxsi dostluğu ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına müsbət təsir göstərir.
Tələt Əliyev müsahibəsində Azərbaycan xalqının tarixindəki kədərli bir günü - Xocalı faciəsinin 10 illiyini də xatırlamışdır. Səfir demişdir ki, erməni ekstremistlərini qəddarlığın səviyyəsinə görə kiminləsə müqayisə etmək çətindir, onların qanlı əməllərinin tarixdə analoqu yoxdur. 1992-ci il fevralın 26-na keçən gecə sabiq SSRİ Silahlı Qüvvələrinin həmin dövrdə Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə erməni silahlı dəstələri yeddi min əhalisi olan şəhəri işğal edərək, yerlə yeksən etmişlər. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım - Xocalı faciəsi nəticəsində 613 adam öldürülmüş, 1275 dinc sakin əsir alınmışdır ki, onlardan 150 nəfərin taleyi indiyədək məlum deyil, 487 dinc sakin müxtəlif dərəcədə şikəst və əlil olmuşdur.
Müsahibənin sonunda diplomat ölkələrimizə və xalqlarımıza xoşbəxtlik, əmin-əmanlıq və tərəqqinin əsası olan sülh arzulamışdır.