AZƏRBAYCAN, UKRAYNA VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 11-də Krakov şəhərinin “Şeroton” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ukrayna Prezidenti Viktor Yuşşenko və Gürcüstan Prezidenti Mixail Saakaşvili arasında üçtərəfli görüş keçirilmişdir.
GUAM çərçivəsində əməkdaşlığın hazırkı vəziyyətindən danışan dövlət başçıları əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsinin vacibliyini, enerji və nəqliyyat sahələrində işbirliyi üçün geniş perspektivin olduğunu və bundan istifadənin zəruriliyini vurğuladılar.
Söhbət zamanı GUAM məkanında dondurulmuş münaqişələrə də toxunuldu və onların həlli ilə bağlı təşkilat çərçivəsində əməkdaşlığın daha genişləndirilməsinin vacibliyi bildirildi.
Görüşdə GUAM dövlət başçılarının Bakıda keçiriləcək qarşıdakı zirvə görüşü haqqında da söhbət getdi, qəbul ediləcək sənədlər və onlarda əksini tapacaq mühüm məsələlər barədə müzakirələr aparıldı.
Dövlət başçıları təşkilatın gələcək inkişaf yollarına, digər ölkələr və beynəlxalq təşkilatlarla əlaqələrə, GUAM çərçivəsində nəzərdə tutulan layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi etdilər.