Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 4 mart, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində Braziliya Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet sahə kimi müəyyən edildiyini bildirib. Qeyd edib ki, məhz bu siyasət nəticəsində ölkəmizdə aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Nazir Məcnun Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sektora dövlət dəstəyi, kənd təsərrüfatı sahəsində aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə Azərbaycan ilə Braziliya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, heyvandarlıq sahəsində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat sahəsində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub. Həmçinin Azərbaycanın kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracının genişləndirilməsi məsələsi nəzərdən keçirilib.
Nazir ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, braziliyalı iş adamlarını bu sərgidə fəal iştiraka, həmçinin etibarlı və əlverişli biznes mühitini nəzərə alaraq, Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaq imkanlarını araşdırmağa çağırıb.
Görüşdə kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.