AZƏRBAYCAN VƏ ÇEXİYA HÖKUMƏTLƏRİ ARASINDA SAZİŞ İMZALANMIŞDIR
İndiyədək Azərbaycan dünyanın 40-dan çox ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı ikitərəfli danışıqlar aparmışdır. Artıq bu günə 15 xarici dövlətlə Azərbaycan arasında həmin sazişlər qüvvəyə minib. Bunlar Böyük Britaniya, Norveç, Türkiyə, Avstriya, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Moldova, Özbəkistan və Almaniyadır (sonuncu ilə SSRİ dövründə imzalanan saziş qüvvədədir). Bu il Litva və Rumıniya dövlətləri ilə həmin sazişlərin tətbiqinə başlanmış, Polşa ilə isə oxşar saziş qüvvəyə minmiş və gələn ilin yanvarından tətbiq ediləcəkdir.
Belçika, İsveçrə, Pakistan, Fransa və Almaniya (yeni layihə) ilə bağlanacaq sazişlər artıq təsdiq edilmişdir və qüvvəyə minmə tarixlərinin razılaşdırılması gözlənilir.
Kanada, Çin, Finlandiya və Latviya ilə müvafiq sazişlər imzalansa da, hələ qüvvəyə minməmişdir. Daha 9 ölkə ilə (Bolqarıstan, Qətər, Danimarka, Estoniya, İsveçrə, İsveç, Niderland, Küveyt və Lüksemburq) saziş layihələri tam razılaşdırılmışdır və imzalanma mərhələsini gözləyir.
Hazırda Azərbaycan bu istiqamətdə daha 6 ölkə ilə danışıqları davam etdirir. Bu dövlətlərin sırasına Yunanıstan, Hindistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Oman daxildir.