AZƏRBAYCAN VƏ GÜRCÜ GƏNCLƏRİ MİNGƏÇEVİRDƏ TOPLAŞDILAR
Mingəçevirdə Azərbaycan və Gürcüstan gənclərinin “Vətəndaş cəmiyyəti quruculuğunda gənclərin beynəlxalq əməkdaşlığı” mövzusunda bir həftə davam edən görüsü başa çatmışdır. Layihənin müəllifi və təşkilatçısı “Şəms” Gənc Qadınlar Mərkəzinin rəhbəri Təranə Seyidova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, tədbirdən əsas məqsəd iki qonşu ölkə gəncləri arasında dostluq və əməkdaşlığı daha da yaxşılaşdırmaq, hüquqi-demokratik dövlət quruculuğunda əldə olunmuş təcrübəni öyrənmək, qarşılıqlı fikir mübadiləsi aparmaq idi. Layihə çərçivəsində gənclər regionun görməli tarixi yerlərini gəzmiş, kulinariya, xalq sənəti, bədii yaradıcılıq sərgilərinə baxmış, xalqlarımızin milli-tarixi əlaqələri ilə daha yaxından tanış olmaq imkanı qazanmışlar. Növbəti görüşün Gürcüstanda keçirilməsi qərara alınmışdır.