Azərbaycan və Gürcüstanın çay sənayesinə həsr olunmuş onlayn tədbir
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan və Gürcüstan çayları ikinci Beynəlxalq Çay Günü ərəfəsində onlayn təşkil olunan tədbirin əsas mövzusu olub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Avropa Yenidənqurma və İnkişaf Bankı bu ölkələrin yüksəkkeyfiyyətli və xüsusi çay növlərinin istehsal etmə potensialını vurğulamaq üçün bu görüşə ev sahibliyi ediblər. FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iştirakçılar çay sənayelərinin dayanıqlı inkişaf etdirilməsi yollarını və çay sektoru icmalarından əldə etdikləri məlumatları bölüşdülər.
FAO baş direktorunun köməkçisi və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin açılış nitqində Qafqazdakı çayın mədəni əhəmiyyətinə, Gürcüstan və Azərbaycanda çay istehsalının dərin tarixi olduğunu vurğulayıb.
“Çay istehsalının hər iki ölkədə bir əsrdən çox keçmişi var. Bu irsin qorunub saxlanılması və yerli çayların həm ölkə daxilində, həm də xaricdə özünəməxsus xüsusiyyətlərinin yayılmasının təmin edilməsi təchizat zənciri boyunca keyfiyyəti artırmaq qədər vacibdir”, - deyə o bildirib.
Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi və Şərqi Avropa, Qafqaz və Türkiyə üzrə Regional rəhbəri Voyjek Boniaşçuk deyib: “Çay üçün beynəlxalq rəqabət mühiti asan olmasa da, bilik və texnologiyaya doğru sərmayə qoyularaq təsərrüfat və emal keyfiyyətinin artırılması ilə Azərbaycan və Gürcüstan çayları keyfiyyət və dayanıqlılığın təsdiq olunmuş simvollarına çevrilə bilər”.
Virtual tədbirdə dövlət qurumları, tədqiqat təşkilatları, maliyyə qurumları və özəl sektor nümayəndələri ilə yanaşı, Azərbaycan və Gürcüstan çay istehsalçıları da daxil olmaqla 100-dən çox şəxs iştirak edib.