AZƏRBAYCAN VƏ GÜRCÜSTANIN SƏRHƏD XİDMƏTLƏRİNİN RƏHBƏRLƏRİ ÜÇ PROTOKOL İMZALAMIŞLAR
Martın 26-da Gürcüstanın Dövlət Sərhəd Mühafizəsi Departamentinin sədri, general-leytenant Valeri Çxeidze Azərbaycana rəsmi səfərə gəlmişdir.
Valeri Çxeidze əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının xatirəsini ehtiramla andı. Sonra Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Qərargahında milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı general-mayor Elçin Quliyev ilə danışıqlar oldu.
General-mayor Elcin Quliyev və general-leytenant Valeri Cxeidze danışıqların yekunlarına dair üç protokol imzaladılar.
Sonra keçirilən mətbuat konfransında general-mayor Elçin Quliyev bu barədə məlumat verərək bildirdi ki, danışıqlar zamanı tərəflər sərhədlərin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı maraq doğuran informasiya mübadiləsinə dair bir sıra məsələləri müzakirə etmişdilər. Gürcüstan sərhəd xidmətinin başçısı dedi ki, hər iki ölkənin sərhəd idarələrinin rəhbərləri Azərbaycan Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin onların qarşısında qoyduqları vəzifələri yerinə yetirirlər. Valeri Cxeidze vurğuladı ki, ölkələrimizin sərhəd xidmətləri sərhədyanı rayonlarda yaşayan adamların öz qohumlarına asanlıqla baş çəkmələrinə şərait yaradılması üçün mümkün olan bütün işləri görəcəklər.
Sənədlərin imzalanması mərasimində Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze iştirak etmişdir.