AZƏRBAYCAN VƏ İRAN PREZİDENTLƏRİNİN İŞTİRAKI İLƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Azərbaycan və İran prezidentlərinin təkbətək görüşündən sonra danışıqlar dövlət başçılarının iştirakı ilə geniş tərkibdə davam etdirildi.
Görüşdə ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin vəziyyəti, habelə perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı. Bu münasibətlərin gələcəkdə daha da möhkəmləndirilməsinin zəruriliyi, hər iki ölkənin birgə iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində səyləri xüsusi vurğulandı. Eyni zamanda müştərək komissiyanın fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı səfərlərin artırılmasının vacibliyi bildirildi. İqtisadi əməkdaşlıq çərçivəsində İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına təbii qaz verilməsi qarşılıqlı işbirliyinin real sübutu, xalqlarımızın dostluq münasibətlərinin daha bir təzahürü kimi qiymətləndirildi.
Görüşdə mədəni, humanitar əlaqələrə də toxunuldu və bu sahələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu. Dövlət başçıları Azərbaycan ilə İran arasında dostluq əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu bir daha vurğuladılar.