Azərbaycan və Macarıstan arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Budapeşt, 6 may (AZƏRTAC). Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev mayın 6-da bu ölkənin Parlamentinin sədri Laslo Kover ilə görüşmüşdür.
İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın bir sıra aspektləri ətrafında fikir mübadiləsi aparılan görüşdə parlamentlərarası əlaqələrin mövcud vəziyyətinə və daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir.
Səfir V.Quliyev Macarıstan Parlamentinin sədrinə regiondakı vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri haqqında məlumat vermişdir. Azərbaycan tərəfinin və dünya birliyinin bütün səylərinə baxmayaraq, ölkəmizin ərazisinin 20 faizinin hələ də işğal altında qaldığı, etnik təmizləmə nəticəsində bu ərazilərdən çıxarılmış bir milyona yaxın azərbaycanlının məcburi köçkün həyatı yaşadığı bildirilmişdir.
Macarıstan Parlamentinin sədri münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan rəhbərliyinin səyləri haqqında da ətraflı məlumatlandırılmışdır. Səfir erməni silahlı qüvvələrinin həyata keçirdikləri işğal aktı və Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayəti ilə bağlı Macarıstan Parlamentinin bir qrup deputatı tərəfindən irəli sürülən və hazırda parlamentdaxili müzakirə prosedurlarından keçən qətnamə layihəsini son nəticədən asılı olmayaraq macar cəmiyyətinin və parlament dairələrinin münaqişə ilə bağlı həqiqət axtarışları və düzgün yanaşma örnəyi kimi yüksək dəyərləndirdiklərini bildirmişdir.
Görüşdə Macarıstan və Azərbaycan parlamentləri rəhbərliyinin, komitə və dostluq qrupu rəhbərlərinin qarşılıqlı səfərlərinin təşkili, hər iki tərəfdən dostluq qruplarının fəaliyyətinin daha da intensivləşdirilməsi ilə bağlı məsələlər də müzakirə edilmişdir.
Özünün may ayının ortalarında Cənubi Qafqaz regionuna - Gürcüstan və Ermənistana nəzərdə tutulan səfərinə aydınlıq gətirən Laslo Köver 2008-ci ildə Macarıstan Parlamentinin sədri Katalin Silinin yalnız Azərbaycana səfər etdiyini, Azərbaycan Respublikası Milli Məclisi sədrinin Macarıstana dəvətli olduğunu xatırlatmış və yaxın zamanlarda respublikamıza səfər etməyə hazır olduğunu bildirmişdir. O, bütün sahələrdə Macarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün geniş imkanlar açıldığını xatırlatmış, ölkənin ali qanunverici orqanının rəhbəri kimi ölkələrimiz arasında əməkdaşlığın strateji xarakter almasına rəhbərlik etdiyi qurumun töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt