Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov və vitse-prezident Azər Hüseynov Rumıniya Minifutbol Federasiyasının dəvəti ilə Buxarestdə keçirilən ölkə çempionatının final qarşılaşmasını izləyib.
AMF-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Rumıniya Olimpiya İdman Komitəsinin Baş katibi Corc Boroy və Rumıniya Minifutbol Federasiyasının prezidenti Yoan Oniçaş da iştirak ediblər.
Görüş zamanı tərəflər minifutbolun inkişafı, qarşılıqlı əməkdaşlıq imkanları və gələcək layihələr barədə fikir mübadiləsi aparıblar. Taleh Nəsibov rumınyalı həmkarını Rumıniya Minifutbol Federasiyasının ölkənin Olimpiya Komitəsinə tam üzv kimi qəbul olunması münasibətilə təbrik edib. O, bu addımın minifutbolun daha geniş kütlələrə çatmasına və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.