Azərbaycan və Rusiya arasında insan hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq yüksək dəyərləndirilmişdir
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ilə görüşmüşdür.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Elmira Süleymanova insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, mandatı və ona verilmiş yeni səlahiyyətlər barədə məlumat vermişdir.
E. Süleymanova uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsinin hazırlandığını və müxtəlif qurumlara, o cümlədən BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə təqdim olunduğunu bildirmişdir.
Təsisatda fəaliyyət göstərən Milli Preventiv Qrupun fəaliyyətinin uğurla davam etdirildiyi vurğulanmışdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” ilə bağlı respublikamızın hər bir rayonunda ictimai dinləmələrin təşkil olunduğu diqqətə çatdırılmışdır.
Görüşdə hüquqi təhsil proqramlarının yaradıldığı, Ombudsman Aparatı əməkdaşlarının insan hüquqları sahəsində bilik və bacarıqlarının daha da inkişaf etdirildiyi, tanınmış beynəlxalq ekspertləri cəlb etməklə birgə treninq-seminarların təşkil olunduğu, müvəkkilin uşaq hüquqları və ahılların hüquqları üzrə resurs mərkəzlərinin, o cümlədən uşaq hüquqları klinikasının yaradıldığı qeyd edilmişdir.
P. Astaxov Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini, habelə iki dövlət və bu ölkələrin Ombudsman təsisatları arasında qarşılıqlı səmərəli əməkdaşlığı yüksək dəyərləndirmişdir.
Həmçinin səfir V. Doroxin müvəkkilə Rusiya Federasiyasının subyektlərinin Ombudsman institutları ilə Azərbaycan Ombudsmanının arasında yaradılmış ikitərəfli əməkdaşlıq çərçivəsində görülmüş işlərdən danışmışdır.