AZƏRBAYCAN VƏ RUSİYA YAZIÇILARININ İŞTİRAKI İLƏ “DƏYİRMİ MASA”
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”nı Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açdı. O, Yazıçılar Birliyinin işindən qısaca danışaraq dedi ki, qurumun mindən çox üzvü var və öz nəşrlərini - aylıq üç jurnalını (biri rus dilindədir), üç almanaxını və həftəlik “Ədəbiyyat qəzeti”ni saxlaya bilmişdir. Anar qeyd etdi ki, ötən zaman kəsiyi keçmiş sovet respublikalarında bu təşkilatın ucdantutma bağlanması ilə əlamətdar olmuşdur. Lakin Azərbaycanda Yazıçılar Birliyi öz mövqelərini möhkəmləndirdi. Burada da başlıca rol xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra yazıçılar ona bu barədə müraciət etmişdilər. 30-dək yazıçının Prezident təqaüdçüsü olması faktı da ədiblərə qayğıya sübutdur.
“Dəyirmi masa”nın mövzusuna dair söhbətə Rusiya şairi Mixail Sinelnikov başladı. O dedi ki, ədəbiyyat və incəsənətdə qarşılıqlı əlaqələr fenomeni qaçılmazdır və ona heç bir ictimai və ya coğrafi-siyasi amil təsir göstərə bilməz.
Lakin “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Ebanoidzenin fikrincə, ənənələr nə qədər möhkəm olsa da, bu qarşılıqlı əlaqələr bir andaca qırıla bilər. Onun başçılıq etdiyi nəşr, - yeri gəlmişkən, jurnalın nömrələrindən biri Azərbaycan ədəbiyyatına həsr olunmuşdur, - çox böyük çətinliklərlə üzləşmişdir, halbuki o, Rusiya oxucusuna MDB xalqlarının ədəbiyyatını təklif edən yeganə nəşrdir. Odur ki, bu jurnala kömək etmək lazımdır. Bu fikirlə Çingiz Aytmatov da razılaşaraq dedi ki, “Drujba narodov” istedadları üzə çıxaran və milli ehtiyat qüvvələrini göstərən korporativ jurnaldır. Kütləvi “geniş istehlak” mədəniyyətinin təzyiqi şəraitində isə onun xüsusi əhəmiyyəti var. Eyni zamanda, jurnal tərcüməçilər məktəbini də dəstəkləyir. M.Qorki adına Ədəbiyyat İnstitutunda tənqid üzrə seminarlar aparan Yevgeni Sidorenko bununla əlaqədar bildirdi ki, bu ali məktəb tərcüməçilər hazırlamaq üçün burada MDB ədəbiyyatları kafedrası yaradılması xahişi ilə Rusiya hökumətinə müraciət etmişdir. Ola bilsin, bu, müasir şəraitdə Şərq və Qərb ənənələrini qoruyub saxlamağın ən səmərəli üsulu olacaqdır.