Azərbaycan və San Marino arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanmışdır
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 12-də “Bakı Ekspo” sərgi və toplantı mərkəzində keçirilən “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində Azərbaycan və San Marino respublikalarının hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkələrimizin sıx əlaqələrindən danışmış və iki dövlət arasında turizm sahəsində əməkdaşlığın vacibliyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, San Marinonun kiçik dövlət olmasına baxmayaraq, böyük turizm potensialı vardır.
San Marino Respublikasının turizm, idman, iqtisadi planlaşdırma və ictimai xidmətlər naziri Fabio Berardi “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin əhəmiyyətini yüksək qiymətləndirmiş, Azərbaycanın mötəbər tədbirləri yüksək səviyyədə təşkil etdiyini bildirmişdir. O qeyd etmişdir ki, bir ay sonra bütün dünyanın diqqəti Azərbaycanda olacaqdır. Buna səbəb “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsidir. San Marino təmsilçisinin də bu müsabiqədə iştirak edəcəyini söyləyən nazir Fabio Berardi həmvətəninin uğurla çıxış edəcəyinə inamını ifadə etmişdir.
Sazişi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və San Marino Respublikasının turizm, idman, iqtisadi planlaşdırma və ictimai xidmətlər naziri Fabio Berardi imzalamışlar.