Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində əlaqələrin inkişafına dair müzakirələr aparılıb
Ankara, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və hərbi attaşenin Quru Qoşunları üzrə köməkçisi kapitan Tural Məmmədov fevralın 25-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tuzla şəhərində yerləşən Motoatıcı Məktəbinin rəisi general-leytenant Aydın Cihan Uzun, İstanbulda yerləşən Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral Erhan Aydın və Hərbi Təyyarəçilik Məktəbinin rəisi general-leytenant İsmail Günaydın, məktəbin qərargah rəisi, eləcə də bu ali hərbi təhsil müəssisələrində kurs keçən və təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüblər.
Azərbaycanın Ankaradakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Ordusu arasında mövcud hərbi əməkdaşlıq, hərbi təhsil, şəxsi heyət mübadiləsi və digər məsələlər müzakirə edilib.
Məktəblərdə təhsil alan və kurslarda iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları təhsil prosesinə aid məsələlər, məişət şəraitləri, təminatın vəziyyəti və sair barədə hərbi attaşeyə məlumat veriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara