MƏDƏNİYYƏT
Azərbaycan və Türkiyə arasında turizm sahəsində əlaqələrin inkişafına yeni töhfə
İstanbul, 23 yanvar, AZƏRTAC
İstanbulun Lütfi Kırdar Beynəlxalq Konfrans və Sərgi Sarayında Azərbaycanda və Türkiyədə turizm sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq protokolu imzalanıb.
Bununla bağlı keçirilən mərasimdə hər iki ölkəni təmsil edən QHT rəhbərləri, otel və turizm şirkətlərinin nümayəndələri, KİV əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın hərtərəfli inkişafını və geniş turizm imkanlarını əks etdirən sənədli film nümayiş olunub.
İmzalanma mərasimindən əvvəl Türkiyənin Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Başaran Ulusoy, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev və ölkəmizdə fəaliyyət göstərən Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev çıxış ediblər. Onlar iki qardaş ölkə arasında səyahət edən turistlərin sayının sürətlə artığını bildiriblər. Qeyd olunub ki, qarşılıqlı səfərləri inkişaf etdirən cəhətlərdən biri xalqlarımızın doğmalığı, digəri isə ölkələrimizin dinamik inkişafı nəticəsində əhalinin rifahının yüksəlişidir.
Əminliklə qeyd olunub ki, imzalanan sənəd Azərbaycan ilə Türkiyə arasında turizm sahəsində əlaqələrin daha da genişlənməsinə böyük töhfə verəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul