İDMAN
AZƏRBAYCAN VƏ TÜRKİYƏ VOLEYBOLÇULARI BAKIDA YOLDAŞLIQ GÖRÜŞLƏRİ KEÇİRƏCƏKLƏR
Məlum olduğu kimi, Türkiyə komandasının məşqçisi azərbaycanlı həmkarına iki yoldaşlıq oyunu keçirmək xahişi ilə müraciət etmişdir. Qardaş ölkənin yığma komandasının rəhbərliyi bu oyunlara yaxın vaxtlarda Türkiyədə keçiriləcək Avropa çempionatına, Azərbaycan kollektivinin məşqçisi Faiq Qarayev isə gələn ilin yanvarında ölkəmizin paytaxtında olacaq lisenziyalı olimpiya turnirinə hazırlıq mərhələsi kimi baxırlar.
Görüşün ilk dəqiqələrindən meydançada gərgin mübarizə getmişdir. Lakin qızlarımız birinci hissənin sonuna yaxın təşəbbüsə yiyələnərək, 25:17 hesabı ilə qalib gəlmişlər. İkinci hissə də onların xeyrinə qurtarmışdır – 25:21. Üçüncü hissədə qonaqlar ilk dəqiqələrdən yaxşı oyun göstərərək, 25:21 hesabı ilə qələbə qazanmışlar. Dördüncü hissədə yenidən gərgin mübarizə getmişdir. Əvvəlcə türklər təşəbbüsə yiyələnərək, hesabda irəli çıxmışlar. Lakin oyunu düzgün quran voleybolçularımız qələbəni əldən verməmişlər – 26:24.
Beləliklə, komandaların birinci görüşü qızlarımızın qələbəsi ilə başa çatmışdır – 3:1.
Sentyabrın 7-də ikinci oyun keçiriləcəkdir.