Azərbaycan və Xorvatiya Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilmişdir
Bakı, 16 aprel (AZƏRTAC). Bakıda Azərbaycan Respublikası və Xorvatiya Respublikası Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilmişdir. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir.
Görüşdə Azərbaycan tərəfini Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəisi Mehriban Nəcəfova, Xorvatiya tərəfini isə bu ölkənin Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin konsulluq idarəsinin rəisi Vinko Lyubiçiç təmsil etmişlər.
Tədbirdə Azərbaycan ilə Xorvatiya arasında müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişafı üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyi qeyd edilmişdir. Həmçinin tərəflər iki ölkə vətəndaşlarına viza rəsmiləşdirilməsi sahəsində çətinliklərin aradan qaldırılması, konsulluq əməliyyatlarının aparılması, miqrasiya proseslərinin tənzimlənməsi, o cümlədən qanunsuz miqrantların leqallaşdırılması və miqrantların yerli şəraitə uyğunlaşdırılması prosedurları, Xorvatiya ilə Avropa İttifaqı arasında qeyri-qanuni yaşayan şəxslərin readmissiyası sahəsində təcrübəsinin öyrənilməsi, readmissiya sazişlərinin tətbiqi mexanizmləri barədə fikir mübadiləsi aparmışdır.
Eyni zamanda, görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.