İDMAN
AZƏRBAYCAN VOLEYBOLÇULARININ DAHA BİR PARLAQ QƏLƏBƏSİ
Dekabrın 11-də Bakı İdman Sarayı azarkeşlərlə dolu idi. İndiyədək gözəl oyunu ilə idman həvəskarlarını dəfələrlə sevindirmiş qadınlardan ibarət “Azərreyl” voleybol komandası Avropanın ən güclü kollektivlərindən biri - İtaliyanın Modena şəhərinin “Volley” klubu ilə qarşılaşırdı. Qadınlar arasında voleybol üzrə Avropa çempionlar liqası yarışlarının birinci qrupunun iki liderinin görüşü olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdi. Birinci hissədə uduzan qızlarımız sonra çox böyük əzm və iradə nümayiş etdirərək, dalbadal iki hissədə qalib gəldilər. Lakin sonrakı hissə rəqiblərin üstünlüyü şəraitində keçdi və hesab bərabərləşdi - 2.2. Həlledici hissədə təcrübəli məşqçi Faiq Qarayevin yetirmələri əsl hünər göstərdilər və görüş 3:2 hesabı ilə Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatdı.
Yarışın gedişini izləyən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İlham Əliyev oyunçuları və baş məşqçi Faiq Qarayevi təbrik etdi.
MOK-un prezidenti sonra Azərbaycan televiziyasına qısa müsahibə verdi:
-Mən çox şadam. Doğrudan da gözəl qələbədir. Çox gərgin idman mübarizəsində qazanılmış qələbədir. Ən önəmlisi odur ki, çox güclü bir rəqib üzərində qazanılmış qələbədir.
Bildiyiniz kimi Modenanın klubu, dünyanın ən güclü klublarından biridir. Bu yaxınlarda gərgin mübarizə şəraitində Rusiyanın “Uraloçka” klubuna da qalib gəlmişdir. Bizim qızlarımızın bu güclü komanda üzərində qələbə qazanması, əlbəttə ki, böyük qəhrəmanlıqdır, böyük hadisədir. Hesab edirəm ki, bu voleybol idmanının tarixində böyük bir hadisədir. Ona görə qızlarımızı təbrik edirəm. Mən inanırdım ki, bizim komandamız çempionlar liqasında da Azərbaycanı ləyaqətlə təmsil edəcək və qələbələr qazanacaqdır. Belə də oldu. Bu illər ərzində gözəl zəmin yaradılıb, komanda formalaşdırılmışdır. Bilirsiniz ki, biz Avropa top kubokunun qalibiyik. İnanıram ki, indiki yarışda da bizim komandamız ən yüksək yerləri tutacaqdır.
JURNALİST: İlham müəllim, voleybolçularımız Avropanın bir super komandasını məğlub etdilər. Lakin qarşıda daha bir super komanda bizi gözləyir. Bu gün həmin komandanın oyunçuları da burada bu görüşün gedişini izlədilər. Mən “Uraloçka” komandasını deyirəm. Sizin proqnozunuzu bilmək istəyirəm.
İLHAM ƏLİYEV: Mən proqnoz vermək istəmirəm. Əminəm ki, qızlarımız bundan da gözəl oyun nümayiş etdirəcəklər. Lap bu səviyyədə də oynasalar, qələbə yenə bizimlə olacaqdır.
Deyə bilərəm ki, komandamız voleybol aləmində böyük bir inqilab yaratdı. Əminəm ki, İtaliya komandası buraya gələndə heç təsəvvür etmirdi ki, bizim çox güclü komandamız var. “Uraloçka” komandasının oyunçularının da buraya yarışı izləməyə gəlməsi onu göstərir ki, onlar bizim voleybolçularla hesablaşırlar, komandamızdan çəkinirlər, qorxurlar. Biz gərək həmişə öz oyunumuzu bu səviyyədə saxlayaq. Əminəm ki, qızlarımız növbəti yarışlarda da bugünkü oyuna bənzər əzmkarlıq, iradə göstərəcək və qələbə qazanacaqlar.
X X X
“Azərreyl” komandasının oyunçularını və baş məşqçi Faiq Qarayevi təbrik edir, qarşıdakı görüşlərdə də xalqımıza qələbə sevinci bəxş etmələrini arzulayırıq.
Foto Oqtay Aydınoğlunundur