CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan respublika elm-praktiki konfransı keçirilib. Konfrans iştirakçıları öncə UNEC-də nümayiş olunan Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət fotosərgi ilə tanış olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş olunub.
Konfransda UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov bildirib ki, Cümhuriyyətin yaradılmasının 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə və müstəqilliyimizə böyük ehtiramın təcəssümüdür. S.Yaqubov AXC-nin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən söz açıb, xalqımızın maarifpərvər ziyalılarının, dövrün siyasi xadimlərinin milli kimliyimiz, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində apardıqları mübarizədən bəhs edib.
Milli Məclisin deputatı, tarixçi alim Fəzail İbrahimli Xalq Cümhuriyyətinin yaradılmasını bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsi adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsaslarının müəyyənləşdirildiyini diqqətə çatdıran deputat xalqımızın həmin tarixlə qürur duyduğunu bildirib. Tarixçi alim AXC-nin islahatları və dövlətçiliyə verdiyi töhfələrdən də danışıb. Cümhuriyyət hökumətinin Azərbaycanın sərhədlərini müəyyənləşdirərək dövlətimizi bölünməkdən xilas etdiyini, həmçinin ölkənin təhsili, iqtisadiyyatı, parlament quruculuğu və digər sahələrdə dünyaya nümunə olacaq addımlar atdığını deyib. Ümummilli lider Heydər Əliyevin indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdiyini vurğulayan F.İbrahimli 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını Azərbaycanın müstəqillik tarixinə göstərilən diqqətin nümunəsi adlandırıb.
UNEC-in humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsindən danışıb.
“Azərbaycan Xalq Cümhuriyyəti - milli iqtisadiyyatın formalaşması təşəbbüsləri” mövzusunda çıxış edən UNEC-in rektorunun müşaviri, dosent Elşən Bağırzadə AXC dövründə aparılan iqtisadi islahatlardan söz açıb. O, AXC-nin qısa müddətdə milli iqtisadiyyatın formalaşdırılması istiqamətində çox böyük uğurlara imza atdığını diqqətə çatdırıb.
Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin qürur dolu səhifəsi olduğunu bildiriblər.