Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən müəssisənin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı Rasim Bayramov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu vurğulayıb.
Bildirilib ki, bu əlamətdar tarixi günün - mayın 28-nin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamları Cümhuriyyətin tarixinə və fəaliyyətinə göstərilən diqqətin bariz nümunəsidir.
Qeyd edilib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində silinməz izlər buraxıb və müasir, müstəqil Azərbaycan Respublikası bu cümhuriyyətin siyasi varisidir. Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə qeyd olunması gələcək nəslin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.
Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol barədə məlumat verən R.Bayramov deyib ki, fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində əhəmiyyətli işlər görülüb, cümhuriyyətin ilk parlamenti seçilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi təsdiqlənib.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini bərpa edərkən qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin milli atributlarını qəbul edib.
Tədbirdə müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasında, qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri qeyd olunub, hazırda bu siyasətin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının mayın 24-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” Sərəncamı ilə 634 məhkum cəzadan azad olunub, yüzlərlə insan cəmiyyətə qovuşub, ailələr ikiqat bayram sevinci yaşayıb.
Daha sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub. Konsert proqramı məhkumlar tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində qonaqlar məhkumların saxlanma şəraiti ilə yaxından tanış olublar. Məhkumların ailə üzvləri və yaxınları yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.