ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Heydər Əliyevin rolu - elmi seminar
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, kafedranın müdiri dosent Naibə Əhmədova Cümhuriyyətin Azərbaycan xalqının dövlətçilik tarixində əhəmiyyətindən bəhs edib. Bildirib ki, seminarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi ilə bağlı verdiyi qərarlar, sərəncamlar, nitqlər və çıxışlarına yenidən nəzər salınıb və onların araşdırılmasının vacibliyi gündəmə gətirilib. Məhz bu sərəncamlardan sonra AXC irsi sistemli şəkildə araşdırılmağa başlanılıb.
Elmi seminarda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin böyük elmi işçisi Aygün Əzimovanın “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixinə baxışı”, Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru Vaqif Abışovun “Zaqafqaziya Seymi və onun sənədləri”, Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının dosenti İbrahim Əliyevin “Müasir Azərbaycan dövlətçiliyi və Heydər Əliyev” mövzusunda məruzələri dinlənilib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.