Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Daşkənddə konsert olub
Daşkənd, 22 may, АZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən bayram konserti keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər diplomatlar, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.
“Xəzər” televiziyasının “Ay Zaur” verilişinin aparıcısı Zaur Kamal tədbiri açaraq qardaş Azərbaycan və özbək xalqlarının dostluğundan danışıb.
Daşkənddəki AMM-nin direktoru Samir Abbasov Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davam etdiyini söyləyərək, iştirakçıları bayram münasibətilə təbrik edib. O, Azərbaycan və özbək musiqiçilərinin birgə iştirakı ilə təşkil olunan konsertin dostluğumuzun göstəricisi olduğunu və azərbaycanlı sənətçilərin Özbəkistanda sevgi ilə qarşılandığını qeyd edib.
Konsertdə Azərbaycan müğənniləri Ədalət Şükürov, Nadir Qafarzadə, Tərlan Novxanı, Özbəkistanın tanınmış sənətçiləri Mənzurə, Dilsöz, Sevara, İsroil Saidumarov, Omad Axmedcanov və başqaları Azərbaycan və özbək mahnılarını ifa ediblər. Bayram konsertində iştirakçılar birgə rəqs ediblər.
Konsert proqramına maraq böyük olub. Azərbaycanlı sənətçilər Özbəkistanın bir sıra televiziya kanallarının qonağı olublar.
Tədbir çərçivəsində “Xəzər” televiziyasının “Ay Zaur” verilişinin çəkilişləri də həyata keçirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd