Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Meksikada qeyd olunub
Vaşinqton, 17 may, AZƏRTAC
Meksikanın Quanaxuato ştatının San Migel de Ayende şəhərində ənənəvi olaraq keçirilən Ümumdünya Birlik və Qardaşlıq XIX Beynəlxalq Görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub. Tədbirdə Meksikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli QHT-lərin və şirkətlərin təmsilçiləri, jurnalistlər, şəhər sakinləri iştirak ediblər.
UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilən San Migel de Ayende şəhəri Meksikanın ən beynəlmiləl şəhərlərindən sayılır. Burada 60-a yaxın müxtəlif millətin təmsilçiləri yaşayır. Quanaxuato ştatının hökuməti və San Migel de Ayende şəhərinin yerli hakimiyyəti tərəfindən ənənəvi olaraq təşkil edilən və iki gün ərzində keçirilən bu tədbirin məqsədi müxtəlif millətlərin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməkdir. Tədbirdə 40-dan artıq səfirliyin nümayəndələri iştirak edib. Azərbaycan Respublikasını Beynəlxalq Görüşdə müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.
Tədbirin ilk günü şəhərin mötəbər tarixi binalarından olan Teatro Angela Peralta-da keçirilən açılış mərasimində Quanaxuato ştatının turizm naziri Fernando Olivera Roça da iştirak edib. Açılış mərasimində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu çoxsaylı qonaqların diqqətinə çatdırılaraq ölkəmizin nümayəndəsinə söz verilib.
Məmməd Talıbov bu il xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinin - müsəlman Şərqinin ilk demokratiyasının yaranmasının yüz illiyini qeyd etdiyini və bunun dünya miqyasında önəmli bir tarix olduğunu deyib. O, tarixən mütərəqqiliyi ilə seçilən Azərbaycan xalqının hələ yüz il bundan öncə öz seçimini edərək dini, irqi, milliyyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının təmin edildiyi bir dövlət yaratdığını deyib. Bu möhtəşəm tarixin məhz Meksikada multikulturalizmin rəmzinə çevrilmiş və bu ölkənin müstəqilliyi uğrunda mübarizəsi tarixində olduqca böyük rol oynamış San Migel de Ayende şəhərində qeyd edilməsinin simvolik olduğunu qeyd edib.
Diplomat 27 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın həmin dəyərləri qoruyub saxlaması, ölkəmizdə uzun tarixə malik olan tolerantlıq ənənələri, müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrinin burada əsrlərboyu heç bir ayrı-seçkiliklə üzləşmədən yaşaması barədə danışıb, Azərbaycanın multikulturalizm və mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini deyib.
Tədbirin bəzi iştirakçılarına, o cümlədən ölkəmizin nümayəndəsinə San Migel de Ayende şəhəri yerli hökuməti adından “Fəxri qonaq” adı ilə təltif olunmaları barədə qərarnamələr təqdim olunub. Qeyd edək ki, bu il həmin sənədlərin hamısında San Migel de Ayende şəhərinin gerbi ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsmi loqo da yerləşdirilib.
Tədbirdə iştirak edən ölkələrin şərəfinə təşkil olunmuş parad zamanı Azərbaycan Respublikasının milli bayrağı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsmi loqo təntənəli şəkildə şəhərin mərkəzi küçələrindən keçirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton