AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN TARİXİNƏ DAİR QİYMƏTLİ SƏNƏD TOPLUSU
AZƏRTAC xəbər verir ki, iyunun 11-də AMEA Tarix İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi olan “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri” kitabı təqdim edilmişdir. AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov bu böyük hadisə münasibətilə mərasim iştirakçılarını təbrik etdikdən sonra “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 15 fevral tarixli Sərəncamını və bu sənəddəki “Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyr” sözlərini xatırlatmışdır. Qeyd etmişdir ki, dövlətimizin başçısının bu fikri fəaliyyət proqramı kimi qəbul edilmişdir. Təqdim olunan kitab həmin istiqamətdə atılmış mühüm addımdır. Layihədə iştirak etmiş hər kəsə, xüsusilə Regionların İnkişafı İctimai Birliyinə minnətdarlığını bildirən natiq məlumat vermişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş nəşrə ingilis dilində 251 sənəd daxildir. Kitabın Azərbaycan və rus dillərində də çap olunması üçün lazımi tədbirlər görülür.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyət tarixinin öyrənilməsi üçün xeyli iş görülmüş, bir sıra ilk mənbələr, qiymətli tədqiqat əsərləri işıq üzü görmüş, ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” nəşr olunmuşdur. Lakin bu şanlı tarixin hərtərəfli öyrənilməsi üçün qarşıda daha çox iş qalır. Hələ Rusiya, Fransa, İngiltərə, Almaniya, Türkiyə, İran, Polşa, Gürcüstan və başqa ölkələrin arxivlərində yatıb qalan çox qiymətli sənədlər öz tədqiqatçılarını gözləyir. O, kitabı Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair qiymətli sənəd toplusu adlandırmış və qeyd etmişdir ki, topluya daxil edilmiş sənədlər Cümhuriyyət tariximizin indiyədək lazımınca araşdırılmamış bir çox məsələlərinin üzərinə işıq salır. Burada Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin, demək olar ki, bütün fəaliyyət sahələrinə dair çox qiymətli sənədlər toplanmışdır. Bu sənədlər sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünün ən təkmil, ən demokratik dövlət qurumlarından biri idi.
Natiq bildirmişdir ki, Xalq Cümhuriyyətinin qurucuları o dövrün bütün Avropa miqyasında ən qabaqcıl, mütərəqqi dünyagörüşünə malik olan dövlət xadimləri idilər və Bakını işğal etmiş ingilis qoşunlarının komandanı general V.M.Tomson, Böyük Britaniyanın Qafqazdakı Ali Komissarı O.Vordrop, Tehrandakı keçmiş vitse-konsulu, sonralar isə Tiflisdə və Bakıda Britaniya missiyasının əməkdaşı R.Makdonelin və başqalarının Londona göndərdikləri məlumatda bu, xüsusi qabardılır. Sənədlərdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərini sübut edən saysız-hesabsız faktlar vardır.
Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri, fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanova, Prezidentin İcra Aparatının məsul əməkdaşı Ərəstun Mehdiyev, akademik Cəmil Quliyev, Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev, Regionların İnkişafı İctimai Birliyinin rəhbəri Seymur Quliyev çıxışlarında vurğulamışlar ki, kitabda verilmiş yeni sənədlərin işığında Cümhuriyyət dövrünün ancaq bəzi məsələlərinə nəzər salınır. Bu qiymətli sənəd toplusu tarixşünaslığımızda Cümhuriyyət tarixinin öyrənilməsi sahəsində yeni səhifələr açır.
Natiqlər Böyük Britaniyanın arxiv sənədlərini Azərbaycana gətirib nəşr olunmasında fədakarlıq göstərən tarix elmləri namizədi Nigar xanım Maksvellə, toplunun işıq üzü görməsi üçün böyük əmək sərf etmiş Əsədulla Mirhəşimova, Elmar Məhərrəmova, Namiq Rüstəmova dərin minnətdarlıqlarını bildirmişlər.
Təklif olunmuşdur ki, bu sənədlər əsasında ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərə dair kitab hazırlansın.
Regionların İnkişafı İctimai Birliyinin rəhbəri Seymur Quliyev kitabın Azərbaycan və rus dillərində nəşrini öhdəsinə götürmüşdür.
Kitabı Nigar Maksvell tərtib etmişdir. Elmi redaktoru və ön sözün müəllifi Yaqub Mahmudovdur.
######
